widgets

   
  azerbaycancografiyasi
  Azərbaycan hidrosferi(göllər,kanallar,su anbarları)
 
Azərbaycanda 700-ə yaxın göl vardır ki, bunun da yalnız 250-si yayda qurumur. Sahəsi 1 km2-dan çox olan və böyük təsərrüfat əhəmiyyəti olan göllərin sayı 25-dir. Mənşəyinə görə göllər: 1. Tektonik göllərə — Abşeron-Qobustandakı və Kiçik Qafqazdakı Böyük və Kiçik Alagöllər, həmçinin Acınohur gölü aiddir. 2. Buzlaq mənşəli göllər — Böyük və Kiçik Qafqazın 2800-3500 m hissələrində yaranıb. Məsələn: Qəbələdə Tufangöl. 3. Uçqun və sürüşmədən yaranan bənd gölləri Kiçik Qafqazdakı — Göygöl, Maralgöl, Ağgöl, Qanlıgöl və Naxçıvandakı Batabat aiddir. 4. Axmaz və ya çay-dərə gölləri Kür-Araz ovalığında Kür çayı boyunca yaranıb. Məsələn: Ağgöl, Sarısu, Mehman, Hacıqabul və s. 5. Qalıq və ya relikt göllər Xəzərin qalıqları olub, şor suludurlar. Xəzərin sahillərində yerləşir. Suyunun tərkibinə və axarlılığına görə göllər: a) Şorsulu (axarsız) göllər əsasən Abşeron-Qobustan və Acınohur-Ceyrançölün arid iqlim şəraitinə malik ərazilərində yaranıb. Acınohur, Böyükşor, Binəqədi və Masazır Azərbaycanın ən iri şorsulu gölləridir; b) şirinsulu (axarlı) göllər əsasən dağlıq ərazilərdə yerləşib. Məsələn: Göygöl, Maralgöl, Batabat, Hacıqabul, Mehman, Ağgöl, Böyük və Kiçik Alagöllər və s. Sahəsinə görə ən böyük göl — Sarısu (15 km2), ən dərin göl isə – Göygöldür. (95 sm) Coğrafi yerləşməsinə görə göllər: a) Naxçıvanda Batabat, Qanlıgöl; b) Böyük Qafqazda Tufangöl, Agzıbirçala; c) Kiçik Qafqazda Böyük və Kiçik Alagöllər, Qaragöl (hər 3-çü Qarabağ vulkanik yaylasında), Göygöl, Maralgöl; d) Kür-Arazda — Sarısu, Mehman, Candar, Hacıqabul; e) Abşeronda Böyük Şor, Bülbülə, Masazır, Binəqədi, Qanlıgöl. Göygöl və bundan əlavə 7 göl — Maralgöl, Zəligöl, Ördəkgöl, Ağgöl, Şamlıgöl, Ceyrangöl və Qaragöl 1139-ci il zəlzələsi zamanı Kəpəz dağının uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranmışlar. Suyundan Gəncə şəhərində istifadə olunan Göygöl okean səviyyəsindən 1556 m yüksəklikdə yerləşir. Ən dərin yeri 95 m-dir. Azərbaycanda 140-a qədər su anbarı vardır ki, bunun da 34-ü daha böyük əhəmiyyət kəsb edir. Su anbarları çay dərələrində bənd tikməklə yaradılır. Lakin çay yatağından kənarda tikilən su anbarları da mövcuddur ki, onlarda çaylardan başlayan xüsusi kanallar vasitəsi ilə qidalanır. Məsələn: Ceyranbatan. Azərbaycandakı su anbarları altında bərəkətli torpaqlar, Tuğay meşələri qalır. Sahəsinə görə — Mingəçevir (605 km2), Araz su qovşağı (145 km2), Şəmkir (116 km2), Varvara, Sərsəng. Mingəçevir Azərbaycanın ən iri su anbarıdır. O, Kür çayının Bozdağı yarıb keçdiyi yerdə — Samux çökəkliyinin su ilə doldurulması nəticəsində yaradılıb. Bura Qanıx, Qabırrı və Kür çayları tökülür. Buradan Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları öz mənbəyini götürür. Mingəçevirdən başqa Kür üzərində Varvara, Şəmkir və Yenikənd su anbarları da tikilib. Bu su anbarlarından suvarmada və elektrik enerjisinin alınmasında istifadə edilir. Lakin bu su anbarları altında geniş tuğay meşələri qalmış və ətraf ərazilərdə şoranlıqlar yaranmısdır. Bundan əlavə Naxçıvanda Araz su qovşağı (Azərbaycanın 2-ci böyük su anbarı), Ağsuda Cavanşir, Qazaxda Ağstafa və Coğaz, Qəbələdə Nohurqışlaq, Ismayıllıda Aşıq Bayramlı, Lənkəranda Xanbulan, Tərtər çayı üzərində Sərsəng su anbarları var. Samur — Abşeron kanalı ilə qidalanan Ceyranbatan su anbarının suyundan Abşeron yarımadasının su təchizatından geniş istifadə olunur. Su kanallarının ümumi uzunluğu 90000 km olub, 1,3 mln. ha quraq əraziləri suvarılır. Uzunluğuna görə 1-ci yerdə Samur-Abşeron (Samur çayından Ceyranbatana qədər 182 km), Yuxarı Qarabağ (Mingəçevirdən Bəhramtəpə su anbarına qədər 172 km), Yuxarı Şirvan, Əzizbəyov, Sabir, Baş Mil, Baş Muğan və s. Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları Mingəçevir su anbarından, Baş Muğan və Əzizbəyov kanalları Bəhramtəpə su anbarından Baş Mil su kanalı Araz çayındakı Mil-Muğan su qovşağından başlayır. Əzizbəyov, Baş Muğan və Sabir kanalları ilə Muğan düzü; Yuxarı Şirvan kanalı ilə Şirvan düzü; Yuxarı Qarabağ kanalı ilə Qarabağ və Mil düzü; Samur-Abşeron kanalı ilə Abşeron və Samur-Dəvəçi ovalığının ərazisi suvarılır. Suvarılan bu ərazilərdə irriqasiya (suvarma) eroziyası geniş yayılmışdır. Su anbarları və su kanallarının dibi betonlaşdırılmadığı üçün su itkisinə və şor qrunt sularının səviyyəsinin qalxaraq, şoranlıqların yaranmasına səbəb olur. Qrunt sularının səviyyəsini tənzimləmək və şoran torpaqların yuyulması məqsədi ilə əsasən Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsi yaradılıb. Bunlardan Ən mühümü Baş Şirvan kollektorudur. Yeraltı suların ümumi ehtiyatı 5 km3-dir. Kür-Araz, Qanıx-Əyriçay, Lənkəran ovalığında qrunt suları 1-5 m dərinlikdədir. Digər ərazilərdən fərqli olaraq Kür-Araz ovalığındakı qrunt suları şor sulu və şoran sahələr yaratması ilə fərqlənir. Qrunt suları yağıntı, səth suları və hidrotexniki qurğulardan sızan sularla qidalanır. Düzənliklərdə suvarma mövsümündə qrunt sularının səviyyəsi artır, digər dövrlərdə isə aşağı düşür. Dağlarda bu sular bulaq şəklində səthə çıxır. Yeraltı sularla ən az təmin olunmuş ərazi Abşeron yarımadasıdır. Qafqazın ən iri artezian hövzəsi Kür-Araz ovalığındadır. Onun temperaturu bəzən 150°C çatır. Azərbaycanın ən geniş bataqlıqlaşmış sahəsi Mərkəzi Arandadır (yəni Kür-Arazda). Buzlaqların ümumi sahəsi 6,6 km2-dir. Onlar Baş Qafqazın Yan və Baş Qafqaz suayrıcı silsiləsinin Bazardüzü, Bazaryurd, Şahdağ, Tufandağ zirvələrində və Kiçik Qafqazın yalnız Zəngəzur silsiləsindəki Qapıcıq zirvəsindədir. Azərbaycanda qar xətti 3600-4000 m-dən yüksəkdə keçdiyindən buzlaqlar yalnız bu hündürlükdə yaranır. Iqlimi soyuq olduğundan Böyük Qafqazın şimal yamacında qar xətti cənuba nisbətən aşağıdan keçir.
 
  Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Get 4Shared Premium!