widgets

   
  azerbaycancografiyasi
  Xəzər dənizi
 
Xəzər dünyanın ən böyük qapalı su hövzəsi-gölüdür. Lakin böyüklüyünə, hidroloji xüsusiyyətlərinə görə ona dəniz deyirlər. Vaxtı ilə o, Qara dənizlə bitişik olan Sarmat dənizini əmələ gətirib. Keçmişdə Xəzərin okeanla əlaqəsinin olmasını okean üçün xarakterik olan suitinin Xəzərdə yaşaması bir daha sübut edir. Tarixən Xəzərin 70-ə yaxın adı olub; Kaspi, Hirkan, Bakı, Dərbənd, Xvalın, Gürgan və s. Xəzər 5 ölkənin — Iran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmanistanın dənizidir. Xəzər sahillərində yarımsəhra və səhralar geniş sahə tutur. Sahəsi 371 min km2, həcmi 76000 km3, uzunluğu 1200 km, eni 320 km, orta dərinliyi 184 m, ən dərin yeri — Lənkəran çökəkliyində — 1020 m, ən dayaz yeri şimalda 5 m-dir. Xəzərin sahil xətlərinin uzunluğu 6,5 min km-dir. Əsas yarımadalar — Abşeron, Mangistau, Buzaçı, Çələkən, Krasnavodsk. Əsas adalar — Bakı və Abşeron arxipelaqları, Çeçen, Oqurçi, Kulalı, Suiti adaları. Körfəzlər — Qaraboğazqol, Krasnavodsk, Manqistau, Qızılağac, Türkmən, Bayıl buxtası. Xəzərə şimal və qərbdən daha çox çay tökülür. Şimaldan-Volqa, Emba, Ural; Qərbdən — Terek, Samur, Kür; Cənub-Şərqdən — Atrek; Cənubdan — Qızılüzən (Səfidrud) çayları tökülür. Xəzərə tökülən bütün çay sularının 82%-i Volqanın payına düşür. Bu hissə Xəzərin ən «şirin» hissəsi sayılır. Xəzər coğrafi cəhətdən 3 hissəyə ayrılır: 1. Şimal (44° şm.enindən şimalda) dayaz, az duzlu, qışda donur. Bəzən buradakı buzlar güclü şimal küləklərinin təsii ilə Abşeron yarımadasına qədər gələrək, neft buruqlarına ziyan vururlar. 2. Mərkəzi (40°- 44° şm enlikləri arasında) 3. Cənub (40° şm enindən cənubda) daha dərin və duzlu, neft-qaz yataqları ilə zəngin. Temperaturu yüksək, duzluluğun çox olması nəticəsində Xəzərin Mərkəzi və Cənub hissələri qışda donmur. Buxarlanma çox getdiyindən və axarsız hövzə olduğundan Xəzər şorsuludur. Volqa çayının təsirindən şimalda duzluluq ən az 1-2‰, cənub-şərqdə isə ən çox 13-14‰-dir. Buna səbəb buxarlanmanın çox və çayların dənizə az tökülməsidir. Burada yerləşən Qaraboğazqol körfəzi Xəzərin ən duzlu körfəzidir. Xəzərdə ən hündür dalğalar (10-12 m) Abşeron sahillərində olur. Canlı aləm Xəzərə tökülən çayların çoxluğu Azərbaycan sahilində qiymətli balıq növlərinin çox olmasına səbəb olmuşdur. Burada nərə, kütüm, ilanbalığı, xəşəm, qızılbalıq, naxa, uzunburun və s. yaşayır. Suiti Xəzərin yeganə məməli heyvanıdır. Xəzərdə 5 ali bitki növü var. Problemləri: 1. Səviyyə tərəddüdü. Dənizin dibində baş verən tektonik proseslər, son illərdə iqlimin dəyişməsi və insanların təsərrüfat fəaliyyəti — Xəzərin səviyyəsinin qalxmasına təsir edən əsas amillərdir. Səviyyəsinin qalxması — sahilyanı ərazilərin su altında qalmasına, istehsal və sosial obyektlərin dağılmasına, qrunt sularının səviyyəsinin qalxmasına səbəb olmuşdur; 2. Bioloji; Bu problemi yaradan amillərdən biridə, Xəzərə tökülən çaylar üzərində su anbarlarının tikilməsidir. Nəsil artırmaq üçün çayların yuxarı axınına Üzən balıqlara bu bəndlər Mane olur. 3. Ekoloji. Neftin çıxarılması və müxtəlif tullantıların tökülməsi ilə əlaqədar Xəzərin suları çox çirklənmişdir. Istifadə — Nəqliyyat və ticarət əlaqələrinin genişlənməsində, müxtəlif sənaye sahələrinin (balıqçılıq) inkişaf etdirilməsində, neft-qaz hasilatında, iqlimin yumşalmasında və rütubətlənməsində böyük rolu var. Xəzərin qumlu çimərlikləri- kurort-turizm kompleksi üçün əlverişlidir. (Xüsusən Yalama-Nabran, Giləzi-Abşeron, Lənkəran sahilləri).
 
  Bugün 1 ziyaretçi (18 klik) kişi burdaydı!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Get 4Shared Premium!