widgets

   
  azerbaycancografiyasi
  Azərbaycan əhalisi
 
2010-cü ildə Azərbaycanın əhalisi 9 milyonu keçmişdir. Dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Iranda onlar daha çoxdur (25 mln.). Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda, alınan fərqə əhalinin təbii hərəkəti və ya artımı deyilir. Azərbaycanda hər min nəfərə 14 nəfər doğulur, 6 nəfər ölür. Deməli hər min nəfərə təbii artım 8 nəfərdir. Təbii artım — iqtisadi, sosial, hərbi-siyasi və milli xüsusiyyətlərdən asılıdır. Azərbaycanda ən yüksək təbii artım — Talış bölgəsindədir. Azərbaycanda oğlanlar qızlardan çox doğulsa da, sonradan kişilərin orta ömrünün aşağı düşməsi və ya Azərbaycanı tərk etmələri nəticəsində bu nisbət qadınların xeyrinə dəyişir. Azərbaycan əhalisinin 49%-i kişi, 51%-i isə qadınlardan təşkil olunub. Azərbaycanda təbi artım çox olduğundan burada yaşlılara nisbətən uşaq və cavanlar üstünlük təşkil edir. Azərbaycanda orta ömür 73 yaşa qədərdir. Ən çox uzun ömürlülük — Talış bölgəsindədir. Azərbaycan əhalisinin 17%-i 80-a yaxın millətin nümayəndələrindən, rus, erməni, ləzgi, yəhudi, avar, tatar, tat, talış və s. millətlərdən ibarətdir. Milli tərkibinə görə Azərbaycanın Abşeron və Şəki-Zaqatala bölgəsi daha rəngarəngdir. Əhalinin bir yaşayış yerindən başqasına və ya bir ölkədən başqasına köçməsinə mexaniki hərəkət və ya miqrasiya deyilir. Işsizlik, iqtisadi çətinliklərlə əlaqədar Azərbaycanı tərk edənlər buraya gələnlərdən daha çoxdur. Azərbaycanı əsasan qeyri-azərbaycanlılar tərk edir. Azərbaycan daxilində əhali əsasən iri şəhərlərə, xüsusilə Bakıya miqrasiya edir. Çünki burada iş tapmaq daha asandır. Ərazinin hər km2 -nə düşən əhali sayına onun sıxlığı deyilir. Sıxlığı tapmaq üçün əhalinin sayını ölkənin sahəsinə bölmək lazımdır. Azərbaycanda sıxlılıq hər km2 -ə 95 nəfərdir. Ən sıx əhali Abşeronda xüsusilə Bakı aqlomerasiyasında (840 nəfər), Gəncə-Qazax və Lənkəran zonasındadır. Ən az sıxlılıq isə orta və yüksək dağlıqda, Qarabağ vulkanik yaylası, Qobustan, Acınohur-Ceyrançöl, Şirvan və Muğan düzlərinin bəzi yerlərindədir. Azərbaycanda əhalinin 76%-i düzən və hündürlüyü 500 m-ə qədər olan ərazilərdə yaşayır. Ən yüksək yaşayış məntəqələri Kəlbəcərdə — Yuxarı Bağırsaq (2330 m) və Qubadakı Xınalıq (2000 m) kəndləridir. Azərbaycanda 4400 yaşayış məntəqəsi vardır ki, bunun da 4242-si kənddir. Issizlik və boş torpaq sahələrinin olmamasından son illər Azərbaycanda kəndlərin sayı azalır. Kəndlərdə orta hesabla 750 nəfər yaşayır. Ən iri kəndlər düzən və dağ ətəyindədir. Dağlıq rayonlarındakı kənd əhalisinin şəhərlərə köçməməsi üçün burada əmək tutumlu iş yerləri açmaq lazımdır. Azərbaycanda kənd əhalisi əsasən təbii artım hesabına artır. Əhalisinin sayı 5 min nəfərdən çox olan və əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmayan yaşayış məntəqəsinə şəhər deyilir. Şəhər əhalisinin sayı təbii və mexaniki artım hesabına artır. Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da şəhərlərin sayı artır, kəndlərin sayı isə azalır. Azərbaycanda mövcud olan 70 şəhərin 11-i Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şuşa, Xankəndi, Naftalan, Şirvan (Əli-Bayramlı), Lənkəran — respublika; 3-ü — Naxçıvan, Ordubad, Culfa — Muxtar respublika; qalanları isə rayon tabeliyindədir. Urbanizasiya — şəhər ərazisinin və əhalisinin artması prosesidir. Çoxsahəli sənaye və paytaxt amili ilə əlaqədar Abşeron Azərbaycanın ən yüksək urbanizasiyalaşmış rayonu sayılır. Azərbaycan əhalisinin 27%-i, şəhər əhalisinin isə 47%-i Bakıda yaşayır. Ümumilikdə Azərbaycan əhalisinin 52,5%-i şəhərlərdə yaşayır. Əmək ehtiyatları dedikdə — əmək qabiliyyətli əhali (15-56 yaş qadınlar və 15-61 yaş kişilər) başa düşülür. Azərbaycan əhalisinin 55%-i əmək qabiliyyətlidir. Maddi və qeyri-maddi istehsal sahələrində çalışan insanlara fəal əhali deyilir. Azərbaycan əmək ehtiyatları ilə yaxşı, fəal əhali ilə isə çox pis təmin olunub. Azərbaycanda boş iş yerləri olmadığından və əmək qabiliyyətli əhalinin çox olmasından əhali iş tapmaq üçün xaricə (xüsusilə Rusiya) gedirlər. Bunun qarşısını almaq üçün Azərbaycanda əmək tutumlu istehsal sahələrini, xüsusilə emaledici sənayeni inkişaf etdirmək lazımdır. Hazırda Azərbaycanda 1 mln-dan artıq işsiz var. Bu cür iqtisadi çətinliklər Azərbaycan əhalisinin təbii artımına mənfi təsir göstərir.
 
  Bugün 3 ziyaretçi (6 klik) kişi burdaydı!  
 
Get 4Shared Premium! Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol